çərşənbə axşamı 11 avqust 2026 - 19:14
İmam Həsən (ə): Sülhü qəbul etməklə Əhli-beyti məhv etmək planını puça çıxaran səbir qəhrəmanı

Hövzə / İmam Həsən Müctəbanın (ə) dövrü İslam tarixinin ən acı mərhələlərindən biri idi. Kufə əhalisinin və sərkərdələrin xəyanəti Müaviyə ilə mübarizə imkanını aradan qaldırdı. İmam (ə) sülhü güzəşt naminə deyil, Müaviyənin fitnəsini zərərsizləşdirmək və İslamın saf yolunu qorumaq məqsədilə qəbul etdi və bununla tarixin ən əzəmətli qəhrəmancasına yumşalma nümunəsini ortaya qoydu.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Həsən Müctəbanın (ə) dövrü İslam tarixinin, hətta bəşər tarixinin ən ağır və acı mərhələlərindən biridir. Bu vəziyyət İmam Əlinin (ə) şəhadətindən sonra Kufə əhalisinin səhlənkarlığı və xəyanətləri nəticəsində yaranmış və nəhayət, İmam Əli (ə) böyük məzlumluq və qəriblik içində şəhid olmuşdur.

İmam Əlidən (ə) sonra İmam Həsən Müctəba (ə) müsəlmanların xilafətinin məsuliyyətini üzərinə götürdü. O həzrət haqqdan uzaqlaşmış insanlarla qarşılaşdı. Çünki haqq hökuməti həmin dövrdə İslamın əsas məqsədlərindən və Peyğəmbərin (s) yolundan xeyli uzaqlaşmış cəmiyyəti yenidən doğru yola qaytarmaq istəyirdi. Əslində İmam Həsən (ə) xilafətdən çəkilməyin ağır bədəlini qəbul etdi ki, Müaviyə öz məkrli məqsədlərinə çata bilməsin.

Müaviyə sülh müqaviləsinin qəbul edildiyini eşidəndə çaşqınlığa düşdü. O, ümumiyyətlə, belə bir şey gözləmirdi. Düşünürdü ki, İmam Həsən (ə) sülhə razı olmayacaq və müharibəyə başlayacaq, İmam Hüseyn (ə) də onun yanında olacaq və hər ikisi müharibədə şəhid ediləcək. Beləliklə, İslamın, Əhli-beytin və İslam ailəsinin təməli tamamilə dağıdılacaq.

Əslində İmam Həsənin (ə) sülhü ilə Müaviyənin bu fitnəsi zərərsizləşdirildi və onun məqsədləri həyata keçmədi. Əhli-beytdə təcəssüm edən İslamın əsl yolu aradan getmədi və qorunub saxlanıldı. Buna görə deyirəm ki, İmam Həsən (ə) güzəşt tərəfdarı deyildi və sülh axtarmırdı. Lakin elə bir vəziyyətlə üzləşmişdi ki, bundan başqa çıxış yolu yox idi.

Rəvayətlərdən birinə görə, İmam Həsən Müctəba (ə) hicri 50-ci ilin Səfər ayının 7-si, cümə axşamı günü vəfat etmişdir. Mərhum Əllamə Məclisi bu görüşü «Misbah» və «əl-Bələdül-Əmin» kitablarının müəllifi Şeyx İbrahim Kəfəmiyə nisbət vermişdir. İmam Müctəba (ə) Müaviyə ibn Əbu Süfyan tərəfindən Cödə vasitəsilə ona içirdilən zəhər nəticəsində 48 yaşında şəhid olmuşdur.

Cəməl döyüşünün fatehi

İmam Müctəbanın (ə) dövrünün xüsusiyyətləri və onun rəhbərlik şəxsiyyəti haqqında danışarkən qeyd etmək lazımdır ki, İmam Həsənin (ə) imamət dövrü özünəməxsus xüsusiyyətlərə malik idi.

Ümumilikdə, O həzrətin həyatı bir neçə mərhələyə bölünür:

Birinci mərhələ – Həzrət İmam Həsənin (ə) doğumundan Allah Rəsulunun (s) vəfatına qədər olan dövrdür.

İkinci mərhələ – İmam Əlinin (ə) 25 illik sükut dövrü və beş illik xilafəti zamanı onun həyat mərhələsidir.

İmam Həsənin (ə) həyatının üçüncü mərhələsi isə onun imamət dövrüdür. Yəni atasının şəhadətindən öz şəhadətinə qədər olan müddət. Bu dövr də iki mərhələyə bölünür: Onun hakimiyyət dövrü və hakimiyyətdən 10 illik uzaq qalması və məcburi sülh dövrü.

Burada bir məqama diqqət yetirmək lazımdır. Müsəlmanlar arasında İmam Həsən (ə) elə təqdim edilmişdir ki, sanki o həzrət sülh və güzəşt tərəfdarı olub. Sanki nüfuz sahibi, çətin günlərin kişisi və müqavimət göstərən bir şəxsiyyət olmayıb. Halbuki belə yanaşma yanlışdır.

Hətta sünni alim və ravilər də İmam Həsənin (ə) əxlaqi xüsusiyyətlərini, eləcə də onun şücaət və igidliyini yüksək qiymətləndirən çoxsaylı fikirlər söyləmişlər.

Bir çox sünni və şiə ravilərinin nəql etdiyi rəvayətlərdə Peyğəmbərin (s) İmam Həsəni (ə) təriflədiyi və belə buyurduğu qeyd olunur:

«Həsən vasitəsilə mənim ümmətim arasında sülh yaranacaq.»

Əslində hhəzrət  İmam Həsənin (ə) xilafətdən çəkilməsi müsəlmanlar arasında parçalanmanın qarşısını aldı və İslam ümmətinin birliyinin qorunmasına səbəb oldu.

Bu mövzuda deyiləcək çox söz var ki, onları davamında təqdim edəcəyəm.

İmam Həsən (ə) Kufə əhalisindən bu fitnəkarların qarşısını almaq üçün hazırlaşmalarını istədi. Kufə hərbi şəhər idi və hərbçilər hökumətdən maaş alırdılar ki, düşmən qarşısında dayanıb döyüşsünlər. Lakin bu vəfasız və düşüncəsiz insanlar İmam Müctəba (ə) ilə beyət etməyə razı olmadılar.

Kufə əhalisinin Peyğəmbər ailəsinin, İmam Əlinin (ə) və İmam Həsənin (ə) apardığı müharibələr haqqında təsəvvürü belə idi: Onların fikrincə, bunlar müsəlmanlarla aparılan müharibələr idi və bu müharibələrdə qənimət əldə edilmirdi, qadın və uşaqlar əsir götürülmürdü. Nəticədə onlar üçün yalnız xərc, itki və qan tökülməsi var idi.

Lakin Kufəlilər Müaviyə ilə beyət etsəydilər, o, onları kafirlərlə müharibəyə aparacaqdı. Rumlulara və kafirlərə qarşı müharibə isə qənimət əldə edilən, əsirlər götürülən və yeni torpaqların fəth edildiyi bir müharibə idi.

Bütün bunlar həmin dövrdə Kufə əhalisinin Müaviyə ilə beyəti üstün tutmasına səbəb oldu.

Cəməl döyüşündə əsl qalib İmam Müctəbadır (ə)

Həzrət İmam Həsənin (ə) əslində sülh və güzəşt tərəfdarı olmadığını, döyüş meydanlarında cəsarətlə vuruşduğunu göstərmək üçün bir nümunə qeyd edim. İmam Əlinin (ə) xilafəti dövründə baş verən Cəməl döyüşündə İmam Həsən (ə) bu fitnəkar qiyama qarşı mübarizə aparmaq üçün Kufə əhalisinin səfərbər edilməsinə məsul olan şəxs idi.

Döyüş baş verdiyi zaman İmam Əli (ə) mümkün olduğu qədər müharibənin qarşısını almağa çalışırdı. Lakin əhdlərini pozanlar müharibə, qan tökmək və İmam Əlini (ə) hakimiyyətdən uzaqlaşdırmaqdan başqa heç bir yolu qəbul etmədikdə, həzrət İmam Həsən (ə) döyüş meydanına daxil oldu.

Əslində, Cəməl döyüşünün əsas qalibi İmam Müctəba (ə) idi. İmam Əli (ə) qorxmadan düşmən sıralarının üzərinə hücum edib onları dağıtdığı zaman Malik Əştər həzrətin həyatı üçün narahat oldu. Lakin özü İmam Əlinin (ə) döyüş meydanında irəliləməsinin qarşısını ala bilmədiyi üçün İmam Həsəndən (ə) onunla danışmasını xahiş etdi.

İmam Həsən (ə) çox səy göstərdi və nəhayət, yalnız atasını anasının ruhuna and verməklə döyüş meydanına getməkdən çəkindirə bildi. İmam Əli (ə) əvvəlcə bunu qəbul etmirdi. Lakin sonra buyurdu:

«Allaha and olsun, əgər ananı xatırlatmasaydın, heç vaxt dayanmazdım və düşmənlərdən bir nəfər belə sağ qoymazdım. Lakin bil ki, bu dəvə ayaqda olduğu və Aişə bu insanlara rəhbərlik etdiyi müddətdə düşmən möhkəm dayanacaq.»

Bundan sonra İmam Əli (ə) oğlu Məhəmməd Hənəfiyyəni döyüş meydanına göndərdi və ondan dəvənin ayağını kəsməsini istədi ki, döyüş sona çatsın.

İbn Hənəfiyyə bu işi görmək üçün çox səy göstərdi, lakin bacarmadı. Yaralı və məğlub halda geri qayıtdı.

Bundan sonra İmam Həsən (ə) atasının tərəfindən bayrağı əlinə alaraq düşmən sıralarına hücum etdi. Dəvənin yanına çataraq bir zərbə ilə onu yerə yıxdı. Bundan sonra əhdlərini pozanlar bir-bir qaçmağa başladılar.

İmam Həsən (ə) qələbə ilə düşərgəyə qayıtdıqda, İmam Əli (ə) Məhəmməd Hənəfiyyəyə üz tutaraq buyurdu:

«Sən öz səyini göstərdin və cəsarətlə döyüş meydanına çıxdın. Lakin əgər sən cəsarəti atandan miras almısansa, bil ki, Həsən bu cəsarəti yalnız atasından deyil, anasından da miras alıb.»

İmam Həsənin (ə) dövründə insanlar haqqdan uzaqlaşmışdılar

İmam Həsən Müctəbanın (ə) dövrü İslam tarixinin, hətta bəşər tarixinin ən ağır və acı mərhələlərindən biridir. Bu vəziyyət İmam Əlinin (ə) şəhadətindən sonra Kufə əhalisinin səhlənkarlığı və xəyanətləri nəticəsində yaranmış və nəhayət, İmam Əli (ə) böyük məzlumluq və qəriblik içində şəhid olmuşdur.

İmam Əlidən (ə) sonra İmam Müctəba (ə) müsəlmanların xilafətinin məsuliyyətini üzərinə götürdü. O həzrət haqqdan uzaqlaşmış insanlarla qarşılaşdı. Çünki haqq hökuməti həmin dövrdə İslamın əsas məqsədlərindən və Peyğəmbərin (s) yolundan xeyli uzaqlaşmış cəmiyyəti yenidən doğru yola qaytarmaq istəyirdi.

İmam Əli (ə) bu istiqamətdə çox səy göstərdi, lakin nəticədə məqsədinə çata bilmədi və şəhid oldu.

İndi isə İmam Həsən (ə) bundan da çətin bir mövqedə qərar tutmuşdu. Əgər İmam Əli (ə) bir vaxt Müaviyə ilə müharibəyə başlamaq qərarı verdikdə təxminən 95 min nəfər döyüşə hazır idisə, İmam Müctəba (ə) xilafətə gəldiyi zaman hələ hakimiyyət üzərində tam nəzarəti təmin edə bilməmişdi.

Müaviyə İmam Əlinin (ə) şəhadətini və İmam Həsənin (ə) xilafətə gəldiyini eşidəndə ciddi şəkildə narahat oldu. Çünki çox yaxşı bilirdi ki, İmam Həsən (ə) öz mənəvi xüsusiyyətləri və nüfuzu sayəsində insanları çox asanlıqla ona qarşı səfərbər edə bilər.

O, yaxşı bilirdi ki, İmam Həsən (ə) Şamdakı Müaviyə hakimiyyətini aradan qaldırmağa mütləq nail ola bilər. Məhz buna görə Müaviyə Şamdan Kufəyə doğru ordu yeritdi.

İmam Həsən (ə) və onun yerində hansı hakim olsaydı belə, belə bir hərbi yürüş qarşısında təbii olaraq reaksiya göstərməli idi.

Nə üçün Kufə əhalisi Müaviyəyə qarşı İmam Həsənlə (ə) beyət etmədi?

İmam Həsənin (ə) yüksək rütbəli sərkərdələri xəyanət etdilər və düşmənə məktublar yazdılar!

Bununla belə, bəzi şiələr İmam Həsənə (ə) qoşuldular və bir ordu formalaşdı. Lakin bu ordu beş-altı müxtəlif cərəyan və qrupdan ibarət idi. Hətta İmam Həsənin (ə) ordusunda bir qrup xəvaric də vardı. Onların bir çoxu İmam Həsəni (ə) nə ikinci imam, nə də beşinci xəlifə kimi qəbul edirdi. Onlar yalnız qəbilə başçılarının göstərişi ilə Müaviyə ilə döyüşə qalxmışdılar. Əslində isə onların İmama iman və etiqadı yox idi.

Məhz buna görə də Müaviyə ilə qarşı-qarşıya gəldikdə və onun vədlərini eşitdikdə xəyanət etdilər. İmam Həsənin (ə) bəzi yüksək rütbəli sərkərdələri düşmənə məktublar yazaraq bildirdilər ki, nəinki Müaviyənin tərəfindədirlər, hətta Müaviyənin yalnız əmr verməsi kifayətdir. İmam Həsəni (ə) diri istəyir, yoxsa ölü – bunu da onun göstərişinə uyğun həyata keçirəcəklər.

İmam Həsən (ə) bu xəyanətləri gördükdən sonra qələbə qazanmağın mümkün olmayacağına əmin oldu. Müaviyə onun möhtərəm atasının dövründə Siffeyn döyüşündə hiylə işlədərək Quranları nizələrə qaldırmış və İmam Əlinin (ə) ordusunda ikitirəlik və çoxsaylı parçalanmalar yaratmışdı. İndi isə İmam Həsənin (ə) ordusu Müaviyənin belə bir hiyləsinə əl atmasına ehtiyac qalmadan, artıq öz daxilində bu cür parçalanmalara məruz qalmışdı.

Buna görə də İmam Həsən (ə) bu müxtəlif və bir-birinə uyğun olmayan ordunu saflaşdırmaq qərarına gəldi. O, çıxışlar edərək bildirdi ki, maddi maraqlara görə döyüşə gələnləri, yaxud döyüş meydanına həvəssiz və laqeyd şəkildə çıxanları ordudan kənarlaşdırmaq lazımdır.

Həsən Müctəbaya (ə) dost kimi görünənlərdən dəyən xəncər

Təəssüf ki, İmam Həsənin (ə) əsgərləri onun sözlərini sona çatdırmasına imkan vermədilər. Onlar üsyan qaldıraraq İmamın (ə) düşərgəsinə hücum etdilər, çadırını qarət etdilər və əşyalarını oğurladılar.

Nəhayət, İmam Həsən (ə) atına minərək İranın paytaxtı Mədainə getmək istəyərkən həmin şəxslərdən biri mübarək ayağına xəncərlə zərbə vurdu. Xəncər sümüyə qədər işlədi və İmam (ə) ağır yaralandı.

Casuslar Müaviyəyə xəbər verdilər ki, İmam Həsən (ə) öz əsgərləri tərəfindən yaralanıb. Bundan sonra Müaviyə İmama (ə) xəbər göndərərək dedi: «Belə bir ordu ilə mənimlə döyüşmək istəyirsən?!»

Müaviyə hətta xainlərin İmam Həsənə (ə) yazdığı bəzi məktubları da ona göndərdi. Beləliklə, İmam  Həsən (ə) öz ordusunun xəyanəti ilə daha da yaxından tanış oldu. Müaviyə bu vəziyyəti gördükdən sonra İmama (ə) xəlifəlikdən əl çəkməyi və qarşılığında istədiyi şərtləri irəli sürməyi təklif etdi.

İmam Həsənin (ə) Müaviyə ilə sülhdən əvvəl xalqa söylədiyi son sözlər

İmam Həsən (ə) Müaviyənin sözlərini eşitdikdən sonra xalqa müraciət edərək buyurdu ki, Müaviyə bizi elə bir şeyə dəvət edir ki, onun nə dünya, nə də axirət üçün xeyri var.

Həqiqətən də, əgər onun təklifini qəbul etsəniz, Allahın sizin üçün müəyyən etdiyi ruzini sizdən əsirgəyəcək. Əgər Allahın razılığını və izzətli ölümü istəyirsinizsə, onun təklifini qəbul etməyin. Çünki bizimlə Müaviyə arasında qılıncdan başqa bir şey olmamalıdır.

Lakin məhz bu zaman İmam Müctəbanın (ə) əsgərləri arasında «Dünya! Dünya!» səsləri ucaldı. Onların həyasızlığı o həddə çatdı ki, dedilər: «Allahın razılığı və izzətli ölüm nə deməkdir? Biz dünyada qalmaq istəyirik.»

Onların arasında bir nəfər belə İmamı (ə) dəstəkləyən və müdafiə edən söz demədi.

İmam Həsən (ə) çox yaxşı bilirdi ki, Müaviyə batil yoldadır və onunla mübarizə aparmaq lazımdır. Lakin belə bir vəziyyətdə döyüş başlasa, Müaviyənin qarşısına çıxmazdan əvvəl onun öz əsgərləri İmamın (ə) ordusunu məhv edəcək və vəziyyət tamamilə Müaviyənin xeyrinə dəyişəcəkdi. Halbuki Müaviyənin məqsədi İslamın əsasını məhv etməkdən başqa bir şey deyildi.

Məhz burada İslam İnqilabının rəhbərinin «tarixin ən möhtəşəm qəhrəmancasına yumşalması» ifadəsi özünün həqiqi mənasını tapır və tarixdə ən əzəmətli «qəhrəmancasına yumşalma» baş verir.

İmam Həsən (ə) Müaviyə ilə güzəştə getməmişdi; lakin başqa çıxış yolu da yox idi

Əslində İmam Həsən (ə) xilafətdən əl çəkməyin ağır bədəlini qəbul etdi ki, Müaviyə öz çirkin məqsədlərinə çata bilməsin.

Müaviyə İmamın (ə) sülh müqaviləsini qəbul etdiyini eşidəndə təəccübləndi. O, ümumiyyətlə belə bir şey gözləmirdi. Düşünürdü ki, İmam Həsən (ə) sülhə razı olmayacaq və döyüşə başlayacaq. İmam Hüseyn (ə) də onun yanında olacaq və hər ikisi döyüşdə şəhid ediləcək. Beləliklə, İslamın, Əhli-beytin və İslam ailəsinin təməli tamamilə dağıdılacaqdı.

Əslində isə İmam Həsənin (ə) sülhü ilə Müaviyənin bu fitnəsi zərərsizləşdirildi və onun məqsədləri həyata keçmədi. Əhli-beytdə təcəssüm edən İslamın saf və əsas xətti aradan getmədi, qorunub saxlanıldı.

Məhz buna görə deyirəm ki, İmam Həsən (ə) güzəşt tərəfdarı deyildi. O, sülh axtarmırdı. Lakin elə bir vəziyyətlə üzləşmişdi ki, bundan başqa çıxış yolu yox idi.

İmam Həsənin (ə) mübarək ömrünün son anları necə keçdi?

Cünadə ibn Əbu Üməyyə deyir:

İmam Həsən ibn Əlinin (ə) vəfat etdiyi xəstəlik zamanı onun hüzuruna daxil oldum. Qarşısında içərisində qan olan bir ləyən vardı. Həzrətin qaraciyəri Müaviyə ibn Əbu Süfyanın ( Allah ona lənət etsin) İmam Həsənə (ə) içirtdiyi zəhərin təsiri nəticəsində parça-parça olub ağzından çıxırdı.

İmam Həsənə (ə) dedim:

— Ey mənim mövlam! Nə üçün özünüzü müalicə etdirmirsiniz?

Həzrət İmam Həsən (ə) buyurdu:

— Ey Əba Abdullah! Ölümü nə ilə müalicə edə bilərəm?

Dedim:

— «İnnə lillahi və innə ileyhi raciun» – Biz, həqiqətən, Allaha məxsusuq və Ona da qayıdacağıq.

Sonra həzrət mənə tərəf dönüb buyurdu:

— Allaha and olsun, bu, Allah Rəsulunun (s) mənimlə bağladığı bir əhddir. O buyurub ki, bu işə (imamətə) Əli və Fatimənin övladlarından olan on iki rəhbər və imam sahib olacaq. Bizlərdən elə biri yoxdur ki, ya zəhərlə, ya da qılıncla öldürülməsin. Heç birimiz adi ölümlə dünyadan köçməyəcəyik.

Sonra ləyəni Həzrət İmam Həsənin (ə) qarşısından götürdüm. İmam Həsən (ə) söykəndi. Cünadə deyir:

— Ey Peyğəmbər övladı! Mənə nəsihət edin.

Həzrət buyurdu:

— Bəli. Səfərə – axirət səfərinə – hazırlaş və əcəl çatmazdan əvvəl onun azuqəsini hazırla. Bil ki, sən dünyanı axtarırsan, halbuki ölüm səni axtarır. Hələ gəlməmiş bir günün qəm-qüssəsini olduğun günə gətirmə.

Bil ki, öz ehtiyacından artıq topladığın malın başqalarının xəzinədarı olacaqsan.

Bil ki, dünyanın halalında hesab, haramında cəza, şübhəli olanlarında isə məzəmmət və danlaq vardır.

Dünyanı leş kimi qəbul et və ondan yalnız səni ehtiyacsız edəcək qədər götür. Əgər halal olarsa, ondan zahidlik etmiş olarsan, yəni ehtiyacından artıq istifadə etməmiş olarsan. Əgər haram olarsa, leşdən götürmüş olarsan. Çünki zərurət halında leşdən yalnız ehtiyac qədərində yemək icazəlidir. Əgər qınanılan və məzəmmət edilən bir şeydirsə, yəni şübhəlidirsə ondan az miqdarda istifadə etmək daha asandır və qınağı da az olar.

Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.

Əgər çoxsaylı qohum-əqrəban və qəbilən olmadan izzətli olmaq, padşahlar kimi hakimiyyətə sahib olmadan heybətli və böyük görünmək istəyirsənsə, Allah-Təalaya itaətsizlikdən doğan zillətdən çıx və Onun itaətinin izzətinə daxil ol.

Əgər ehtiyac və məcburiyyət səni bir dost seçməyə vadar edərsə, elə bir insanla dostluq et ki, onunla birlikdə olmaq səni bəzəsin, yəni onun davranışı və rəftarı başqalarının yanında sənin üçün abır və hörmət səbəbi olsun.

Sən ona xidmət etdikdə sənin hörmətini qorusun. Ondan kömək istədikdə sənə yardım etsin. Sən danışdıqda sözünü təsdiqləsin. Düşmənə hücum etdikdə səni gücləndirsin. Ona kömək əlini uzatdıqda sənə yardım etsin. İşində bir çatışmazlıq və ya uğursuzluq yarandıqda onu aradan qaldırsın.

Səndən bir yaxşılıq gördükdə onu unutmasın. Ondan bir şey istəmək üçün əlini uzatdıqda səni öz bəxşişindən məhrum etməsin. Hətta sən bunu dilə gətirməmişdən əvvəl özü verməyə tələssin.

Çətinliklər və bəlalar ona üz verdikdə, onun başına gələnlər səni də kədərləndirsin.

Elə bir insanla dostluq et ki, onun tərəfindən sənə heç bir çətinlik və bəla gəlməsin, onun vasitəsilə doğru yoldan sapmayasan və aranızda mal və ya başqa bir şey bölüşdürülərkən mübahisə yaranarsa, səni özündən üstün tutsun.

Cünadə deyir:

Sonra Həzrət İmam Həsənin (ə) nəfəsi ağırlaşdı və rəngi o qədər saraldı ki, onun vəziyyətindən qorxdum.

Bu zaman İmam Hüseyn (ə) və Əsvəd ibn Əbi əl-Əsvəd – Allah Rəsulunun (s) səhabələrindən biri – içəri daxil oldular.

İmam Hüseyn (ə) İmam Həsəni (ə) qucaqladı, onun mübarək başından və iki gözünün arasından öpdü və yanında əyləşdi. Sonra bir müddət bir-birləri ilə asta səslə danışdılar.

Əbu əl-Əsvəd dedi:

«İnnə lillahi və innə ileyhi raciun» – Biz, həqiqətən, Allaha məxsusuq və Ona da qayıdacağıq.

İmam Həsən (ə) qardaşına öz vəfatının yaxınlaşdığını xəbər verirdi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha